İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranın Böyük Britaniyadakı səfiri bildirib ki, ingilis hökuməti İran İslam Respublikasına borclu olduğu vəsaitdən böyük məbləği tezliklə İran Mərkəzi bankına transfer edəcək.
Bu barədə səfir Həmid Bəidinejad öz "Telegram"-dakı səhifəsində məlumat paylaşıb. Səfir bildirib ki, İrana geri qaytarılacaq vəsait 400 milyon ingilis funt-sterlinqi (596 milyon ABŞ dolları) məbləğindədir.
Səfir, həmçinin vurğulayıb ki, Britaniya hökumətinin bu vəsaiti qaytarmasının səbəbi heç də Londonda yaşayan İran vətəndaşının Tehranda həbsi ilə bağlı deyil. Səfir mediada bu barədə yayılan şübhələrə görə təəssüfünü ifadə edib.
Bildirək ki, İranın xüsusi xidmət orqanları 2016-cı ilin aprel ayında İmam Xomeyni adına Beynəlxalq Hava Limanında Nazənin Zəgərini həbs edib. O, İslam Respublikası əleyhinə Böyük Britaniya üçün casusluq etməkdə ittiham edilib.
Qeyd edək ki, sözügedən borc 1974-cü ildə iki ölkə arasındakı silah satışı anlaşması zamanı yaranıb.