IQNA

GMİ-nin şeyxi Qurban bayramı ilə bağlı sualları cavablandırıb

22:24 - July 18, 2021
Xəbər sayı: 3490317
“Bu il müqəddəs Qurban bayramı təqvimə görə, 21 iyul tarixindən başlayaraq 23 iyula qədər - 3 gün qeyd ediləcək. Onu da bildirim ki, bəzi ölkələrdə və yerlərdə bayram iyulun 20 də qeyd olunacaq”.

Gürcüstan Müsəlmanlar İdarəsinin rəisi Şeyx Ramin İgidov müqəddəs Qurban bayramının vaxtı və Qurban bayramı ilə bağlı bir sıra sualları cavablandırıb.

“Bu il müqəddəs Qurban bayramı təqvimə görə, 21 iyul tarixindən başlayaraq 23 iyula qədər - 3 gün qeyd ediləcək. Onu da bildirim ki, bəzi ölkələrdə və yerlərdə bayram iyulun 20 də qeyd olunacaq”.

Bu barədə məlumatı 24News.ge xəbər portalına müsahibəsində Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov bildirib.

R. İgidov Qruban bayramı ilə bağlı bir sıra suallarmızı cavablandırıb daha ətraflı müsahibəni sizə təqdim edirik.

Hörmətli şeyx istərdik ki, ilk öncə bizə qısa da olsa, Qurban bayramı ilə bağlı məlumat verəsiz?

“Bilirsiz 'Eydul-Əzha' da adlanan Qurban bayramı İslam aləmində ən böyük bayramlardan biridir. Bütün müsəlman aləmində hər il Ramazan bayramından 70 gün sonra qeyd olunur və üç gün davam edir.

Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Bu il müqəddəs Ay təqviminə əsaslanan Qurban bayramı təqvimə görə, 21 iyul tarixindən başlayaraq 23 iyula qədər - 3 gün qeyd ediləcək. Onu da bildirim ki, bəzi ölkələrdə və yerlərdə bayram iyulun 20 də qeyd olunacaq.

Ölkəmizdə Qurban bayramının namazı bayram günü saat 09:00-dan etibarən tibbi tövsiyələrə əməl etməklə məscidlərdə və məscidlərin həyətində qılınacaqdır".

Qurban bayramı islam ümmətinə nəvaxt tövsiyyə edilib?

"Dini qurban kəsmə adəti hamıya məlum olduğu kimi Hz. İbrahim Peyğəmbərin (ə) həyatında baş verən hadisədən – oğlu Hz. İsmayılı (ə) Allah üçün qurbanetmə sınağına çəkilmədən sonra yaranmışdır.

Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və əsl bəndəliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsi olaraq yaşamışdır".

Hacı, Qurban kəsmək kimlərə vacibdir və qurban əti necə ehsan olunmalıdır?

"Qurban kəsmək yalnız Həcc mərasimini icra edən Hacılara vacibdir. Məkkə şəhərindən kənar olan və Həcc mərasimində olmayan müsəlmanlara isə tövsiyə olunan yaxşı – müstəhəb əməllərdəndir.

Buna görə də Qurbanlıq qoyunun bütün şərtlərinə Həccdə olanlar əməl etməlidirlər. Həcdə olmayanların əməl etməsi isə çox bəyənilir.

Qurban bayramda hər bir imkanlı müsəlman qurban kəsib, onun ətinin bir hissəsini imkansızlara, kasıblara paylamalıdır.

Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə, yerdə qalan iki hissədən birini də öz qonşularına və yaxınlarına verə bilər.

Digər bir hissəni isə mütləq ehtiyacı olanlara paylamalıdır. Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara paylaya bilər. Burda əsas məqsəd dindarlığa və ilahi razılığa nail olmaqdır.

“Qurani-Kərim”də buyurulur ki, kəsilən qurbanların nə əti, nə də qanı Allaha çatmaz, Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Qurban ibadəti bizə Allah yolunda paylaşmağı, kasıblara əl tutmağı öyrədir. Qurban Allaha olan sevginin isbatıdır. Yaradana olan sevgimizi göstərmək üçün bizim üçün dəyərli olanlardan infaq etməliyik. Qurbanlıq üçün nəzərdə tutulan heyvanı Qurban bayramı günü kəsmək daha yaxşıdır. Amma qalarsa Qurban bayramından sonrakı iki gün ərzində də kəsməyin eybi yoxdur. Həcdə olmayan bizə Qurban günü şərikli qurban kəsmək qadağan deyil. Tək qurban kəsməyə imkanı olmayanlar birləşib qurban kəsə bilərlər. Belə halda şərikliyin sayı və tək ya cüt olmasının önəmi yoxdur. Amma imkan varsa, tək kəsmələri daha yaxşıdır".

Bir çox insanlar Qurbanlıq heyvanların yaşı barədə sual edirlər bunu izah edərdiz?

"Qurbanlıq heyvanların yaşına gəlincə: öküz 2 illik, keçi 1 illik və qoyun isə ən azı 7 ayı keçmiş olmalıdır. Amma ehtiyata görə, qoyunun bir ili tamam olmalı və ya bir yaşlı heyvan kimi gözə gəlimli olmalıdır. Əlbəttə bu şərtlər də Həcdəki və nəzr kimi vacib qurbanlığa aiddir. Burada bu şərtlərə əməl etmək müstəhəb olaraq çox bəyənilir. Bizim ölkədə gözə gəlimli bir ilini tamamlamış iri buynuzlunu da kəsmək olar".

Sonda sizində ürək sözlərinizi alardıq?

"Fürsətdən istifadə edib qarşıdan gələn Qurban bayramı münasibəti ilə bütün ümməti təbrik edir, Allahdan kəsilən qurbanları, edilən ibadət və duaların qəbul olmasını diləyirəm. Allah Qurban bayramı hörmətinə ölkəmizə və dünyaya sülh, bolluq, firavanlıq, körpələrə sevinc, ailələrə xoşbəxtlik, süfrələrə bərəkət nəsib etsin. Amin!".

 

captcha