IQNA

Təfsir və müfəssirlərin tanıtdırılması / 9

"Məxzənül-İrfan" qadın tərəfindən yazılmış ilk və yeganə Quran təfsiridir

21:36 - November 28, 2022
Xəbər sayı: 3493333
"Məxzənül-İrfan"ın müəllifi İslam fiqhində ən yüksək elmi dərəcə almış və ilk dəfə Quranın kamil təfsirini yazmış bir qadın olmuşdur .

Tarixi dəlillər İslamın ilk əsrlərində qadınlar üçün xüsusi təfsir məclislərinin keçirildiyini göstərir. Lakin biz son on dörd əsrin məşhur təfsirçilərinin siyahısını nəzərdən keçirdikdə Qurana tam təfsir yazmaqda maraqlı olan yeganə qadının isfahanlı (İranın şəhərlərindən biri) xanım təfsirçi və fəqih Seyyidə Nüsrət Əmin olduğunu görürük. "Məxzənül-İrfan" təfsiri fars dilində on beş cilddə yazılmışdır.

Müəllif haqqında

Banu Əmin (1308-1403 h.q) (miladi 1890-1982) kimi tanınan Seyyidə Nüsrət Əmin Begüm İsfahani ictihad dərəcəsinə (İslam fiqhində ən yüksək elmi dərəcə) malik idi. Banu Əminin elmi məqamı elə idi ki, Ayətullah Seyyid Şəhabuddin Mərəşi Nəcəfi və Əllamə Əmini ondan rəvayət etmək üçün icazə almışlar.

Bu müctəhid xanımın xidmətlərindən tələbələrin yetişdirilməsi, İsfahanda xanımlar üçün elmi hövzənin təsis edilməsi, qızlar liseyinin yaradılması, müxtəlif mövzularda bir neçə kitab, o cümlədən "Məxzənül-İrfan" adlı təfsir yazmaq olmuşdur.

"Məxzənül-İrfan" təfsirinin xüsusiyyətləri

"Məxzənül-İrfan" təfsiri ayələri ifadəli və analitik üslubda təfsir edən Quranın əhatəli təfsirlərindən biridir. Bu təfsirdə əsas yanaşma əxlaqi və irfanidir. Bu təfsirin əvvəlində müəllifin motivi, Quranın fəziləti, öz rəyi ilə təfsir məsələsi, təfsirin çox mərtəbəli olması və Quran elmlərinin bəzi başqa mövzuları qeyd olunan bir müqəddimə var.

Bu təfsirdə məsələlərin ifadə üsulu ondan ibarətdir ki, müəllif əvvəlcə bir qrup ayələrin tərcüməsini gətirir, sonra təfsirə daxil olur və Quranın mesajını sadə və anlaşılan ifadə ilə izah edir. Müəllif bəzən Molla Sədranın və bəzi filosofların, ariflərin sözlərinə istinad edir.

Müəllif bu təfsiri yazmaq motivi və necə yazıldığı haqqında yazır: "Uzun zaman idi ki, arabir Əhli-beytin (ə) kəlamlarını uyğunlaşdırıb və təfsirçilərin dediklərini bir yerə toplayaraq müxtəsər təfsir yazmaq istəyirdim ki, bəlkə, mən də Quranın təfsirçiləri və mütəfəkkirləri cərgəsində qərar tutam. Amma təəssüf ki, yolda təhlükəli maneələr gördüm. Bir tərəfdən nəfsin zəifliyi mənə mane oldusa, digər tərəfdən də şəxsi rəy əsasında edilən təfsirə qoyulan qadağa üzündən bu məsələyə girməyə cürət etmirdim. Amma digər tərəfdən ona olan həvəs məni rahatlamağa qoymadı. Ayələrin hərfi tərcüməsinə başlayana qədər bir müddət qorxu ilə Rəca (qorxu və ümid) arasında qaldım və bəzi möhkəm (şübhəli olmayan) ayələri izah etməyə çalışdım.

"Məxzənül-İrfan"da irfani baxışın üstünlük təşkil etməsi

Qeyd olunduğu kimi "Məxzənül-İrfan" təfsirində əsas yanaşma əxlaqi və tərbiyəvi cəhətdir. Təfsirçi bu əsərində insan ruhunu tərbiyə etməyə və onu maddiyyatdan uzaqlaşdırmağa, Allahın zatına yaxınlaşdırmağa çalışır.

O, insanın Rəbbin qarşısındakı ilahi məqamını izah edərkən deyir: “Ariflərdən birindən soruşdular ki, sən Allahı nə ilə tanıdın? Dedi ki, anladım ki, nə vaxt günah etmək niyyətində olsam, Allahın böyüklüyünü xatırlayıram və günahdan çəkinirəm. Əgər Allahı tanımağın nurundan bir zərrə qəlbdə işıq saçarsa, onun təsiri onda görünər. Bu əsərlərin tapılması elm və təxəyyülün nəticəsi deyil, zövq və əhval-ruhiyyənin nəticəsidir".

Müctəhid Əmin təfsirində şiə və sünni təfsirlərindən istifadə etmiş və onların sözlərini qeyd etmişdir. Onun istifadə etdiyi təfsirlərdən “Molla Sədranın təfsiri”, “Məcməul-Bəyan”, “Təfsir Qommi”, “Rəvzul-Cinnan və Ruhul-Cinan”, “Təfsir Əyyaşi”, “Kəşful-əsrar”, “Mənhəcus-Sadiqin”, “Əl-Mizan”, “Əl-Burhan, Cəvahirut-Təfsir, Ruhul-Bəyan, Təfsir Beyzavi və Durrul-Mənsura (Siyuti) işarə etmək olar. O, arada İbn Abbas, İbn Məsud və Əkrəmə kimi səhabə və tabeinlərdən olan təfsirçilərindən də istifadə etmişdir.

 

* Əhli-beyt: Əhli-beyt kəlməsi termində İslam Peyğəmbərinin (s) ailəsi deməkdir. Təthir ayəsində (Əhzab, 33) Əhli-beyt ifadəsi işlədilmiş və onların paklığı vurğulanmışdır. İslam Peyğəmbəri (s) hədislərdə də Əhli-beytin İslam dinindəki yüksək məqamından bəhs etmişdir.

captcha