IQNA

İslam dünyasının məşhur alimləri / 17

Mustafa Mahmud imanla elmi anlamağa çalışır

21:38 - January 23, 2023
Xəbər sayı: 3493604
Misirli ədib, mütəfəkkir, yazıçı və proqramçı Mustafa Mahmud 50 ildən artıq intellektual və ədəbi fəaliyyəti dövründə elmin hökmran olduğu dövrdə təcrübi elmin iman əsaslı anlayışını təqdim etməklə, elm əsrində iman və ona əsaslanan əxlaqın yerinin əhəmiyyətini göstərməyə çalışmışdır.

"İQNA"-nın məlumatına görə, Mustafa Mahmud (doğum, 27 dekabr 1921 – ölüm, 31 oktyabr 2009) misirli alim, ədib, mütəfəkkir və yazıçıdır. O, Quran təfsiri və dini fikirlər sahəsində 89 adda kitab yazıb. Onun kamil adı Mustafa Kamal Mahmud Hüseyn əl-Məhfuzdur. O, İmam Səccadın (ə) nəslindəndir. Buna görə də ailəsi əsilzadə titulu (Misirdə seyidlərə verilən titul) daşıyırdı.

O, 1921-ci ildə Misirin Menofiya bölgəsinin Şəbin Əl-Kum şəhərində anadan olub. Sonralar atasının işi ilə əlaqədar ailəsi ilə birlikdə Tantaya köçüb və Seyyid Əl-Bədəvi məscidinin yanındakı evdə yaşayıb.  Bu məscid həyatı boyu onun düşüncə və əqidəsinə dərindən təsir edib.

Dörd yaşından Quran oxumaqla yanaşı ərəb dilinin əsaslarını da öyrəndi; Daha sonra məktəbə daxil olub və Qurani-Kərimin böyük bir hissəsini əzbərləyib.

Müəllimlərdən birinin tənbeh etməsi ilə üç il məktəbi tərk edib və qayıtdıqdan sonra onun təhsil sahəsində böyük istedadı üzə çıxıb. O, orta məktəbi bitirənə qədər təhsilin müxtəlif pillələrini davam etdirə bildi və Qahirə Universitetinin Tibb Fakültəsinə daxil oldu.

O, təbabətə və xüsusən də anatomiya elminə çox maraq göstərirdi. Dostları ona “anatomist” deyirdilər. Lakin ağciyər xəstəliyinə görə üç il təhsilini yarımçıq qoymalı oldu və özünü müalicə etməyə başladı; Bu üç il ömrünün qalan hissəsində onun düşüncələrinə böyük təsir göstərdi.

Müxtəlif tibb mərkəzlərində bir müddət tibb sahəsində çalışdıqdan sonra ölüm və həyatın həqiqəti, varlığın sirri və varlığın həqiqəti ilə bağlı yaranan suallara görə təbabəti tərk edərək dinlər, Qurani-Kərim, elm və iman barədə araşdırmalara başladı.

1970-ci ildə onun ən görkəmli əsəri olan "Quran, yeni bir dərketmə səyi" kitabı nəşr olundu. Mustafa Mahmud bu kitabda müxtəlif dini məsələləri yeni təfsirlə və yeni hadisələrlə ahəngdar şəkildə və ayələrdən etdiyi öz çıxarışlarına əsasən, dövrünün ehtiyaclarına əsaslanan yeni Quran anlayışını təqdim etməyə çalışır.  O, ayələrin üzərində düşünərək yaradılış hekayəti, təqdir və ixtiyar, halal-haram, məad kimi mühüm mövzulardan bəhs edir.

Bu əsərində Quran möcüzəsinin genişliyini göstərərək ayələri təfsir etməyə və anlamağa çalışmışdır. Mahmudun bu kitabdakı səyini iki mənəvi və maddi məkanı uyğunlaşdırmaq cəhdi kimi qiymətləndirmək olar. Onun fikrincə, insan iki keşməkeşli dünya arasında yaşayır: Daxili ixtiyar dünyası və maddi məcburiyyət ətraf dünyası; Sabit qanunları insanı zəncirləmiş bir dünyadır. Onun sərbəst hərəkət etməsinin yeganə yolu bu qanunları bilmək və onlarla harmoniya vasitəsilə onlardan ağıllı şəkildə istifadə etməkdir.

captcha