IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 32

Həzrət Süleyman (ə) xüsusi gücləri olan peyğəmbər və hökmdardır

12:07 - February 21, 2023
Xəbər sayı: 3493732
Atası Davudun (ə) ölümündən sonra Süleyman eyni vaxtda Bəni-israilin peyğəmbəri və padşahı oldu. Allahdan ona heç kəsə vermədiyi bir hökumət bəxş etməsini istədi. Allah Süleymanın istəyini qəbul etdi və o təkcə insanlara deyil, həm də küləklər, cinlər və şeytanlara hakim idi.

Süleyman (ə) Davud (ə) peyğəmbərin oğlu və Yəqubun oğlu Yəhudanın nəslindən idi. On bir vasitə ilə Həzrət Yaquba çatır. Həzrət Süleyman ağ üzlü, uzun boylu və tüklü bir insan kimi tanınır.

Atası Həzrət Davudun vəfatından sonra Süleyman onun yerinə keçir. Tarixi mənbələrdə o, on üç ya iyirmi iki yaşında atasının yerinə keçib.

O, peyğəmbər olmaqla yanaşı, həm də şahlıq edən tarixi şəxslərdəndir. Süleyman Allahdan ona heç kəsə vermədiyi bir hökumət bəxş etməsini istədi. Allah onun duasını qəbul etdi və insanlardan əlavə cinləri, şeytanları, küləkləri və quşları da onun əmrinə gətirdi. Həmçinin Bəni-İsrail torpaqları genişləndi.

Qurani-Kərimin ayələrinə əsasən, Həzrət Süleymana mis mədəni verilib. Həmçinin onun heyvanların dilini bilməsi, insanlarla yanaşı, cin və şeytanlara da hakim olması kimi xüsusi gücləri var idi. Həzrət Süleymanın dövründə bir çox binalar, o cümlədən Süleyman məbədi tikilmişdir ki, bu da rəvayətlərə əsasən, cinlərin vasitəsi ilə tikilib.

Həzrət Süleyman haqqında üzüyünün gücü, qarışqa və hüdhüdla danışması, Həzrət Süleyman və Səba diyarının kraliçasının hekayəsi və Süleymanın uçan xalçası kimi çoxlu əhvalatlar danışılıb.

Bir qrup Həzrət Süleymanın dövründə sehrbazlıqla məşğul oldular. Onların bütün yazılarını toplayıb xüsusi bir yerdə saxlamağı əmr etdi. Süleymanın vəfatından sonra onlardan bir dəstə o yazıları çıxararaq onu öyrətməyə başladılar.

Həzrət Süleyman 40 il hökmdarlıq etdi. Süleyman peyğəmbər vəfat edən zaman əsasına söykənərək dünyasını dəyişdi. Bir termit onun əsasını yeyənə və Süleyman yerə yıxılana qədər heç kim onun ölümündən xəbərdar olmadı.

Həzrət Süleymanın adı Quranda on yeddi dəfə, o cümlədən Bəqərə, Nisa, Ənam, Ənbiya, Nəml, Səbə və s. kimi surələrdə zikr edilmişdir. Bu surələrdə onun xüsusiyyətləri və hekayətləri nəql olunub.

Yəhudilərin müqəddəs kitablarında Süleymana çoxlu işarələr var. Süleymanın məsəlləri və Süleymanın nəğməsi kitabları Süleymana aid edilir. Hər ikisi yəhudilərin müqəddəs kitablarıdır.

Tövrata görə, Həzrət Süleyman ömrünün sonunda bütpərəst oldu. Quranda isə Həzrət Süleymanın ömrünün sonuna qədər Allaha iman gətirdiyi və heç vaxt kafir olmadığı vurğulanır.

Həzrət Süleymanın vəfatından sonra onun hakimiyyəti altında olan bölgələr bölündü; Yerusəlim şəhərinin də daxil olduğu Yəhuda adlı bir məntəqə qaldı.

captcha